Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyəsini açıqlayıb.
Açıqlamada bildirilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Həzrət İbrahim əleyhissəlamın yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib.
QMİ-nin Qazılar Şurası bildirir ki, qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalı, bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inəyin 2, dəvənin isə beş ili tamam olmalıdır.
Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. 7-dək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır.
Bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kəsilərkən “Bismillahi və billahi vəllahu əkbər” deyilməlidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun.