"ASAN xidmət" üçün 8 avtobus alınacaq
""ASAN xidmət" artıq sentyabrın 20-dən Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi üçün mülkiyyət, istifadə və icarə məsələlərinin həlli prosesinə başlayıb".
APA TV-nin məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 10-da bu prosesin həyata keçirilməsi ilə bağlı Fərman imzaladığını xatırladıb: "Proses 424 km məsafəni əhatə edir. Abşeron rayonundan Ağstafa rayonuna kimi olan rayonlarımız bu sahəyə daxildir. 13 rayon ərazisində 109 kənddə bu proses həyata keçiriləcək. Artıq fərmanın icrasına başlanılıb. Hacıqabulda proseslər başa çatmaqdadır. Növbəti mərhələdə digər rayonlara keçiləcək".
Agentliyin rəhbəri prosesin səyyar avtobuslar vasitəsi ilə də aparılacağını əlavə edib. Onun sözlərinə görə, xidmət üçün əlavə 8 avtobusun alınması nəzərdə tutulur: "Avtobuslardan 2-si növbəti aylarda fəaliyyətə başlayacaq. Digərlər də ilin sonun kimi fəaliyyətə başlayacaq. Bu avtobuslar "ASAN xidmət"in olmadığı kəndlər və şəhərlərdə fəaliyyət göstərəcək. Hazırda onlar Cənubi Qaz Dəhlizi layihəsi üzrə fəaliyyət göstərir".
Yeni xidmət mərkəzlərinin açılması barədə danışan İnam Kərimov Sabirabad və Bərdə şəhərlərində mərkəzlərin tikintisi üzrə intensiv işlərin aparıldığını və bu ilin sonuna kimi istifadəyə veriləcəyini deyib. Masallı və Qəbələdə də ASAN xidmət mərkəzlərinin tikintisinə başlanılıb. Dövlət Agentliyinin rəhbəri bu xidmətlərin tikintisi başa çatdıqdan sonra bütün respublika üzrə xidmət məhdudiyyətinin aradan qalxacağını vurğulayıb.