Bakıda dövlət xidmətlərinin göstərilməsi ilə bağlı tədbir keçirilir
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda tədbir keçirilir. APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bu mövzuda tədbirin dünyada ilk dəfə Azərbaycanda keçirildiyini bildirib: "Məqsəd dövlət xidmətlərinin göstərilməsində ən yaxşı təcrübəni bölüşmək, müzakirə etməkdir. Burada ən uğurlu modellərdən biri kimi də "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti çıxış edir. Azərbaycan modelini öyrənmək üçün Avropa Şurasına üzv 30-dan çox ölkənin ekspertləri Azərbaycana gəlib. Tədbir ekspertlər səviyyəsində keçirilir. Məqsəd Azərbaycanın "ASAN xidmət" timsalında əldə etdiyi təcrübəni digər ölkələrlə bölüşməkdir".
Tədbirdə Avropa Şurasına üzv ölkələrin ekspertləri, ATƏT nümayəndələri iştirak edirlər.
Avropa Şurası Demokratik təsisatlar və İdarəçilik Departamentinin rəhbəri Alfonso Zardi bildirib ki, ölkənin AŞ nazirlər Komitəsinə sədrlik etməsi onun Avropa ölkələrində daha geniş təbliğ olunmasına imkan yaradır. O, bu çərçivədə Bakıda keçirilən konfransın dövlət qulluğu sahəsində müxtəlif təcrübə mübadiləsi aparmaq məqsədi daşıdığını qeyd edib.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Vüsal İsayev Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi sahəsində aparılan islahatlar haqqında danışıb. O, "Asan Xidmət"in unikal Azərbaycan modeli olduğunu bildirib.
ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə əlaqələndiricisi Xəlil Yurdakal Yugutgüdən isə Azərbaycanın vətəndaşlara göstərdiyi xidmət baxımından çox böyük mərhələlərdən keçdiyini bildirib: "Xidmətləri rəqəmsallaşdıraraq, elektron şəkildə təqdim edərək həm sürətləndirdi, həm də asanlaşdırdı. Bu, yalnız vətəndaşların deyil, iş adamlarının da həyatını asanlaşdırır. Bu konfrans sayəsində iştirakçı ölkələr buradan öyrəndiklərini öz ölkələrində tətbiq edəcək. Biz də ATƏT olaraq Azərbaycandakı bu çalışmaları dəstəkləyirik".
Tədbir panel çıxışları ilə davam edəcək.