İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub
Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarlarını təhqir edən şəxs tutulub. Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı açıqlama yayıb. APA TV-nin xəbərinə görə, açıqlamada bildirilir ki, bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilib.
hər bir həmvətənimiz üçün müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi cəmiyyətdə geniş ictimai rezonans doğurub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs sentyabrın 24-də səhər saatlarında Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanıb və istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur. Faktla bağlı istintaq davam etdirilir.