Azad Rəhimov: "Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət veririk"

"Ermənistanın Bakıda I Avropa Oyunlarında iştirakı barədə qərarından asılı olmayaraq, ölkəmizə gələcəyi halda Azərbaycan Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir". APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Azərbaycan tərəfi viza məsələlərini də təmin etməyə hazırdır: "Biz dövlət səviyyəsində təhlükəsizliyin təminatına və viza məsələlərinin həllinə zəmanət veririk".

 

Azad Rəhimov əlavə edib ki, Ermənistan KİV-dəki məlumatlardan erməni tərəfinin birinci Avropa Oyunlarında iştirak edəcəyi ehtimal olunur. Lakin Ermənistan tərəfi indiyədək iştirak edib-etməyəcəyi barədə dəqiq fikir bildirməyib.

 

Hazırda Bakıda otellərdə 10 mindən artıq yer olduğunu deyən nazir hesab edir ki, I Avropa Oyunları zamanı paytaxta gələcək turistlərin otellərdə yerləşdirilməsi baxımından hər hansı çətinlik olmayacaq. Turistlərin və idmançıların ölkəyə rahat gəlişini təmin etmək məqsədi ilə "Azərbaycan Hava Yoları" QSC ilə də yeni müqavilə bağlanıb.  Müqavilənin şərtləri çərçivəsində bu aydan etibarən sərnişin təyyarələrində I Avropa Oyunlarının loqosu və təbliğati istiqamətində xussi jurnallar paylanılacaq.

 

Müəllif | Apa.Tv