Bakıdan Nyu-Yorka birbaşa aviareys açılıb
"Bu gündən etibarən Nyu-Yorka reyslərin həyata keçirilməsinə başlayıb. Aviareyslər ABŞ-a hələlik həftədə iki dəfə həyata keçiriləcək, lakin qış qrafikinə keçid zamanı reyslərin sayı həftədə üç dəfəyədək artırılacaq".
APA TV-nin məlumatına görə, Bunu Azərbaycan Hava Yolları" QSC nin sədr müavini Sabir İlyasov deyib: "Sərnişin axını artdıqca bu istiqamət üzrə uçuşların sayı artırıla bilər. Həmçinin, ABŞ-a sərnişin axınının artımını təmin etmək, ölkənin regionlarından Bakıya, sonra isə təyinat nöqtəsi ABŞ-a sərnişinləri çatdırmağı təmin etmək üçün regional aeroportlar ilə işlər aparılır".
Uzaq məsafələrə yeni reyslərin açılmasına gəlincə, Sabir İlyasov deyib ki, hazırda cənub-şərqi Asiya ölkələrinə uçuş imkanları öyrənilir.
"Bakı 2015" Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar AZAL-ın birbaşa aviareyslər həyata keçirdiyi Avropa ölkələrinə uçuşları genişləndirməyi planlaşdırdığını deyən sədr müavini əlavə edib ki, qurum daşımaların təmin edilməsinə digər aviaşirkətləri də cəlb etməyi planlaşdırır. Məqsəd uyğunlaşdırılmış reysləri təşkil etməkdir. AZAL bu ilin sonunadək iki "Boeing Dreamliner" təyyarəsi alacaq. Hazırda yeni təyyarələrin alınması prosesinin maliyyələşdirilməsi ilə bağlı bütün məsələlər həll olunur.
AZAL rəsmisi Bakı ilə müqayisədə regional aeroportlardan beynəlxalq, o cümlədən Rusiya şəhərlərinə aviareyslər üzrə tariflərin aşağı omasına da aydınlıq gətirib: "Bakı ilə müqayisədə regional aeroportlardan beynəlxalq, o cümlədən Rusiya şəhərlərinə aviareyslər üzrə daha aşağı tariflər təyyarələrin aeroport xidmətlərinin xərcinin daha aşağı olması ilə bağlıdır".
Tariflərin aşağı olmasının digər səbəbi Bakıda olan təyyarələrin istismar xərclərinin regionlara uçuşlar həyata keçirən təyyarələrin istismar xərclərindən xeyli yuxarı olmasıdır.