Binəqədidə 55 yaşlı kişini öldürüb, meyitini xəlvəti basdırıblar
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Binəqədi Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, sentyabrın 17-də 1983-cü il təvəllüdlü Rəhimov Vüsal Nəriman oğlu tanışı, 1959-cu il təvəllüdlü Xalfayev Rahib Talıb oğlunu bıcaqla öldürüb. Onlar taxıl və sement ticarəti ilə məşğul olublar.
Məlumatda bildirilir ki, Rahib Xalfayevə tanışının taksi kimi istifadə etdiyi avtomobildə 2 bıcaq zərbəsi endirən Vüsal Rəhimov hadisə yerindən qaçıb.
Onun aldığı xəsarətdən öldüyünü görən taksi sürücüsü isə cəsədi Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Bağlar massivində basdırıb. Adı açıqlanmayan taksi sürücüsünün də istintaqa cəlb olunacağı istisna edilmir.
Keçirilən əməliyyatla Vüsal Rəhimov saxlanılıb. O, polisə ifadəsində əməlini etiraf edib: "Mən ona 2350 manatlıq taxıl verdim, o da əvvəlcə 500 manat, sonra 1200 manat ödəniş elədi. 650 manat borcu qaldı. Yenidən mal istəyəndən dedim ki, borcunu bağlasın, sonra verərəm. Mübahisəmiz bunun üstündə düşdü. Çox peşmanam. Biri 1, digəri 4 yaşında iki qızım var. Əsas onlara görə peşmanam".
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.