Yarmarkaya qatılmaq istəyən arıçılardan bəzilərinin bal məhsulları saxta çıxıb

Oktyabrın 1-dən 30-dək, Bakıda keçiriləcək arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında bir sıra yeniliklər olacaq. APA TV-nin məlumatına görə, ötən illərdə keçirilən yarmarkalarda məhsulların satış qiyməti müəyyən standartlar əsasında həyata keçirilirdisə, builki yarmarkada qiymətlər sərbəst olacaq.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, alıcı ilə satıcı qiymətləri razılaşdırma əsasında müəyyən edəcəklər. Nazirlik qiymətlərə müdaxilə etməyəcək: "Biz onları məcbur etsək, onlar müxtəlif yollara əl atıb balın miqdarını artırmağa çalışacaqlar. Ona görə sərbəst qoyuruq”.

 

Murtuzəli Hacıyev deyir ki, bu günə kimi 400-dən artıq arıçı qeydiyyatdan keçib və yalnız qeydiyyatdan keçən arıçılar məhsullarını yarmarkada sata biləcək. Keyfiyyətsiz bal yarmarkada satışa buraxılmayacaq: "Yarmarkada iştirak etmək istəyən arıçılar öz məhsullarını, şəxsiyyət vəsiqəsi, arıxananın baytarlıq şəhadətnaməsi, rayon baytarlıq idarəsindən verilmiş 2 nömrəli şəhadətnamə, yarmarkaya gətirilmiş arıçılıq məhsullarının zona Baytarlıq Laboratoriyasından ekspertiza sənədi ilə qeyd etdiyimiz ünvana müraciət edə bilərlər. Qeydiyyatdan keçməyənlər isə yarmarkaya buraxılmayacaq".

 

Bu il təşkil ediləcək yarmarkanın ərzisinin daha böyük olacağını deyən nazirlik sözçüsü bildirib ki, builki yeniliklər sırasında yarmarkada satışın gedişatına nazirliyin onlayn nəzarəti də var. Bundan başqa, ötən illərin ən söz söhbət yaradan yer məsələsi də bu il tənzimlənəcək. Arıçılar bir neçə gün öncədən püşk atma əsasında satış məntəqəsindəki yerlərini müəyyən etmiş olacaqlar.    

 

Qurumun mətbuat katibi deyib ki, builki yarmarkada qeydiyyatdan keçən arıçılardan 8 nəfərin gətirdiyi bal məhsulları saxta çıxdığından onlar geri qaytarılıb.

 

Arıçılarda yarmarkada edilən yeniliklərdən razı görünürdülər. Naxçıvan MR-dan gələrək arı məhsulları gətirən arıçı Xəqani Zülfüqarov deyir ki, havaların qeyri-sabit keçməsi məhsuların miqdarına da təsirsiz ötüşməyib.

 

Qeyd edək ki, bal yarmarkası oktyabr ayının 1-də, saat 12:00-dan başlayacaq və ayın 30-na kimi Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında, keçmiş “Ayaqqabı fabriki”nin binasında davam edəcək.

 

Müəllif | Apa.Tv