Lənkəranda 2 avtomobil toqquşub, iki nəfər yaralanıb
Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran – Boradigah şosesində, rayonun Zövlə kəndindən keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 40 yaşlı Rafiq Ağayevin idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili Lənkəranın Osakücə kənd sakini, 36 yaşlı Eldəniz Kazımovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin onların iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin versiya kimi qəzanın “VAZ-21099”-un sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.