Ərdoğan BMT tribunasından Qərbi tənqid etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında çıxış edib. APA TV-nin məlumatına görə, o 1-ci Dünya müharibəsinə səhnə olan coğrafiyanın hələ də hüzursuzluqdan əziyyət çəkdiyini vurğulayıb: "İraq, Fələstin, Yəmən, Ukrayna, Suriya. Geniş bir coğrafiya böhran içərisindədir. 21-ci yüzillikdə insanlar aclıqdan, yoluxucu xəstəlikdən ölür, uşaqlar və qadınlar öldürülür. Dünyanın zəngin ölkələri rifah içərisində yaşasa da, yoxsul ölkələr aclıq, xəstəliklər və təhsilsizliklə boğuşur. Burada, BMT Baş Assambleyasının 69-cu sessiyasında bir daha vurğulamaq istəyirəm: uşaqların öldüyü dünyada heç kim günahsız deyil, heç kimin həyatı təhlükəsiz deyil, heç kim uzunmüddətli sülh və rifah içərisində ola bilməz”.
Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini də tənqid edib. O bildirib ki, "mətbuat azadlığı yoxdur" - deyə bəzi ölkələri tənqid edənlərin Fələstində öldürülən jurnalistləri görməzliyə vurmasını qınayır.
Türkiyə prezidenti bir daha bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün olması düzgün seçim deyil.
Ərdoğan son günlərin ən çox danışılan mövzusuna – terrora və onun İslam dini ilə əlaqələndirilməsinə də toxunub: "Din adı ilə terror anlayışını heç bir şəkildə dəstəkləmirik. Bu, dinlərə qarşı sayğısızlıqdır. Sülh anlamına gələn İslam anlayışının terrorla yanaşı işlənməsinə qarşı çıxırıq. Eyni şəkildə insanlıqdan kənar aktlara İslam etiketi yapışdıramlar da böyük sayğısızlıq içərisindədir. Suriyanı tərk edən 1,5 milyon adamı torpaqlarımızda öz imkanlarımızla saxlayırıq. Dünyadan ciddi dəstək gəlirmi? Təəssüf ki, yox. Suriyalı qaçqınlar üçün xərclədiyimiz vəsait 3,5 milyard dolları ötüb. Zəngin və güclü Avropalı ölkələri yalnız 130 min suriyalını qəbul edib. Baxın, 130 min Avropada, təkcə mənim ölkəmdə 1,5 milyon nəfər”.
Ərdoğan bildirib ki, Misirdə xalqın seçdiyi prezident qiyam yolu ilə devrilərkən və verdiyi səsi qorumaq istəyənlər qətlə yetirilərkən BMT-dəki demokratik ölkələr bunu yalnız izləyir və qiyamı leqallaşdırır. O vuğrulayıb ki, demokratiya deyiriksə, səs qutusuna sahib çıxaq. Yox, demokratiyanı deyil, qiyamı müdafiə ediriksə, maraqlıdır, BMT niyə var?