Bakıda sərxoş sürücü qəza törədib, hadisə yerindən qaçdı

Bakıda sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Xətai rayonundakı körpüdə baş verib. 90 SC 899 dövlət nömrə nişanlı "BMW"ni idarə edən və hələlik kimliyi məlum olmayan sürücü yüksək sürətlə körpünün aşağısındakı tuneldən geri dönmək istəyib. Yol kənarında beton maneəni görməyən sürücü qəza törədib. Hadisə nəticəsində avtomobilin ön hissəsi tamamilə yararsız hala düşüb. Sürücü isə yol patrul xidmətinin əməkdaşlarının yaxınlaşdığını görərək, hadisə yerindən qaçıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza törədən sürücü sərxoş olub. O, qəzadan sonra taksi ilə hadisə yerini tərk edib.

 

Olay yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.  Dərhal Xətai Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları qəza törədərək qaçan sürücünün axtarışna başlayıblar.

 

Avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv