AŞPA sədri: "Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqli məsələlərdir"
Ukrayna böhranı ilə Dağlıq Qarabağ münaqişəsi fərqli məsələlərdir. Rəsmi Moskva Krımı Rusiyaya birləşdirib və bu, beynəlxalq hüququn pozulması ilə baş verib.
APA TV-nin xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brassör Bakıda keçirdiyi mətbuat konfransında “AŞPA-nın Ukrayna böhranı ilə bağlı Rusiya nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi haqqında qərarı Ermənistana qarşı niyə qəbul edilmir” sualını cavablandırarkən deyib: "Krımın birləşdirilməsindən sonra AŞ PA Rusiyanı səsvermə hüququndan məhrum etsə də, bu ölkənin mandatına xitam verilməyib. Biz müzakirələrin davam etdirilməsi imkanını saxladıq. Ruslar olmadan həll yollarını tapa bilmərik".
Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə Ann Brassör Dağlıq Qarabağ problemi ilə Ukrayna böhranının fərqli məsələlər olduğunu, quruma üzv bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib: "Əsas fərq Krımın Rusiyaya birləşdirilməsidir. Amma bu o demək deyil ki, Dağlıq Qarabağdakı vəziyyət qəbulediləndir. Biz Azərbaycandakı görüşlərdə də Dağlıq Qarabağ məsələsinə toxunduq və mən bildirdim ki, ərazi bütövlüyü məsələsi AŞPA üçün müzakirə edilməyən məsələdir. Bütün üzv dövlətlərin də buna hörmətlə yanaşması vacib şərtdir".
Ann Brassör AŞPA-da bu məsələ ilə bağlı müzakirələr keçirərək məsələyə öz töhfələrini verə biləcəklərini əlavə edib. Belə ki, sonuncu dəfə bu məsələ ilə bağlı qətnamə 2005-ci ildə qəbul edilib.