Lənkəran sakini oğurladığı 100 min manatlıq traktoru aşırıb
Qaradağ rayon Pİ-nin 11-ci polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Lənkəran sakinini tutublar. APA TV-nin xəbərinə görə, saxlanılan Seyfəli Qasımzadə polisə ifadəsində tanımadığı şəxslə əsasən xırda oğurluqlar etdiyini deyib.
Amma sonuncu dəfə dostunun məsləhəti ilə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “Qaraçay” tikinti şirkətinə məxsus 100 min manatlıq yükləyici avtomobili oğurlamaq istəyib: "Yola çıxdıq. Səngəçalda dedi ki, sola dönəcəyik. Orda traktor var, götürüb gedərik".
Saat 04.00 radələrində gözətcinin başının qarışıq olduğunu görən
Seyfəli Qasımzadə nəqliyyat vasitəsini qaçırır. Yolda "qənimət"ini şəriki ilə bölmək fikrindən daşınır. Düşünür ki, oğurluğu təkbaşına etdiyindən dostuna heç nə düşmür: "Traktoru Kürdəmirə aparacaqdıq. Sonra dedim ki, bu çıxıb gedib. Özüm ücün aparım. Kürdəmirə heç girmədim. Fikrimi dəyişdim. Fikirləşdim ki , bunun ücün aparmaqdansa, özümə aparım".
Salyan rayonunda polis postunu yüksək sürətlə keçməsi polis əməkdaşlarında şübhə yaradıb. Vəziyyətin mürəkkəbləşdiyini görən təqsirləndirilən şəxs avtomobili Neftçala rayonunun Cəngən kəndinə sürüb: "Traktor sürüşdü, aşdı. Süşəsi, güzgüsü sındı. Mən qapıdan çıxdım, qoyub qaçdım".
İstintaq yolu ilə müəyyən edilib ki, oğurlanan “New Holland W 170” markalı yükləyici avtomobili əzildiyindən şirkətə təxminmən 3-4 min manat ziyan dəyib. Faktla bağlı araşdırmalar davam edir.