Azərbaycanda kollec direktorunun cinayət işinin istintaqı yekunlaşıb

Ağcabədi Pedaqoji Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı kollecin tələbəsinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.


Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, istintaq zamanı kollecin direktoru vəzifəsini icra edən Sahib Hüseynovun kollecin qiyabi və əyani şöbələrində müxtəlif ixtisaslar üzrə təhsil alan 991 tələbədən imtahan sessiyasında müvəffəq qiymətlər almaları üçün 636 min 250 manat pulu rüşvət kimi almasında, 108 tələbədən qrup nümayəndələri və qeyrilərinin vasitəsi ilə 48 min 600 manat pulu rüşvət kimi tələb etməsində, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013-2014-cü tədris ili üçün qiyabi təhsil üzrə qəbul planı nəzərdə tutulmadığı halda 27 tələbənin kollecdə təhsillərini qiyabi şöbədə davam etdirmələrini rəsmiləşdirməklə onların təqaüd almalarını və mövcud normativ aktların tələblərini pozmaqla bir müəllimin iki qrupa rəhbərliyini və müəllimlərə əlavə əmək haqqı verilməsini sənədləşdirməklə 5 min 932 manat büdcə vəsaitinin təyinatından kənar istifadə olunmasını təmin etməsində, habelə üç nəfər Ağcabədi rayon sakinini kollecə işə qəbul edib rəsmiləşdirməklə həmin şəxslərin əmək haqqı kartlarından 1.186 manat məbləğində pulu bankomat vasitəsilə çıxarıb mənimsəməsində, kollecdə təhsil alan tələbələrin təqaüd üçün bankomat kartlarının guya itməsi barədə “Kapital bank” ASC-nin Ağcabədi rayon filialına müraciət edərək 50 nəfər tələbənin adına bankomat kartları alaraq 10 min 563 manat məbləğində pulu talamağa cəhd etməsində şübhələr üçün əsaslar olduğundan, o cümlədən kollec tələbəsindən qış imtahan sessiyasında müvəffəq qiymətlər alması üçün 450 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalandığından ona Cinayət Məcəlləsinin bir neçə maddəsi ittiham elan edilib.

 

Bundan başqa, kollecin baş mühasibi Mahir Ağayev və metodisti Yusif Şirinova da vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülb. 

Cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  

Müəllif | Apa.Tv
Apa.tv