İltimas Məmmədov: "“Azərspace-2” ilə bağlı maraqlı təkliflər var"

"Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azərspace-2” ilə bağlı tenderdə iştirak etmək üçün çox sayda maraqlı təkliflər var".

APA TV-nin məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bildirib:  “Tenderin elan olunması üçün maliyyə vəsaitlərinin hansı şirkətlərə söykənəcəyi, peykin hara buraxılacağı və digər məsələlər hazırda araşdırılır. Həmçinin peykin orbital mövqeyi də təkliflərə bağlıdır. Yaxın vaxtlarda nazirlikdə də müzakirələr olacaq və son variant üzrə tender elan olunacaq. İlin sonuna kimi hansı nəticələrin əldə olunduğu və nə qərara gəldiyimizi “Azərkosmos” ASC ilə birgə açıqlayacağıq”.

 

İltimas Məmmədov qeyd edib ki, yaxın günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti məsələsi üzrə nizamnamənin və hüquqi sənədlərin təsdiqlənməsi gözlənilir: "Hazırda sənədlərin hazırlanması, mərkəzin yerləşəcəyi yerin müəyyən edilməsi ilə bağlı iş gedir, proqramlar hazırlanır. Bütün bu nüanslar ilin sonunadək müəyyən olunacaq".

 

Onun sözlərinə görə, sadalanan bütün aspektlər həll olunduqdan sonra hansı ölkələrlə əməkdaşlıq ediləcəyi, hansı texnologiyaların tətbiq olunacağı və digər məsələlər müəyyən ediləcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı