İranlı nazir müavini: "Azərbaycanla informasiya sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik"
"Tehran Azərbaycanla informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir".
Bunu APA TV-yə müsahibəsində İranın rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi deyib: “Azərbaycana səfərimizin məqsədi informasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdir. İki ölkənin özəl sektorları arasında bu sahədə əməkdaşlıq yüksək səviyyədə olmasa da, İran və Azərbaycanın dövlət strukturları bu istiqamətdə sıx əməkdaşlıq edirlər”.
Müctəba Haşiminin sözlərinə görə, hazırda Azərbaycan və İran poçt rabitəsi sahəsində əməkdaşlığa dair sazişin hazırlanması üzərində işləyir: “Ümumilikdə azərbaycanlı həmkarlarımızla informasiya texnologiyaları sahəsinin bütün istiqamətləri üzrə yaxşı əməkdaşlıq qurulub. Hazırda mütəxəssislərimiz poçt rabitəsi sahəsində əməkdaşlığa dair saziş üzərində işləyirlər. Uğurlu və məhsuldar əməkdaşlığa ümid edirəm”.
Nazir müavini vurğulayıb ki, bir gün əvvəl Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüş zamanı tərəflər münasibətləri genişləndirmək istədiklərini bildiriblər.
Qeyd edək ki, bu gün Azərbaycan-İran “Kommunikasiya və İnformasiya Texnologiyaları Görüşü” çərçivəsində konfrans keçirilib.