Rusiyada azərbaycanlıların iştirakı ilə 2 yol qəzası baş verib
Həştərxanda azərbaycanlının iştirakı ilə ağır avtomobil qəzası baş verib. Rusiya Daxili İşlər Nazirliyinin yerli idarəsinin məlumatına görə, hadisə ötən gecə M-6 avtomagistralının 1087-ci kilometrliyində qeydə alınıb. Özbəkistan vətəndaşı, 1967-ci il təvəllüdlü şəxs idarəetməni itirərək "Jiquli" markalı avtomobilini "QAZ-33021" markalı yük maşınına çırpıb. Yük avtomobilində sükan arxasında isə Azərbaycan vətəndaşı, 54 yaşlı şəxs olub. Hadisə nəticəsində Özbəkistan vətəndaşı həyatını itirib. Azərbaycanlı isə beyin silkələnməsi və döş qəfəsinin zədəsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yük maşınını qadın sərnişini isə xırda xəsarətlər alıb və o, tibb məntəqəsinə aparılıb. Hadisənin detalları araşdırılır.
APA TV-nin xəbərinə görə, azərbaycanlının iştirakı ilə daha bir qəza M-8 avtomagistralının 221-ci kilometrliyində Rostov şəhəri yaxınlığında baş verib. "KamAZ" markalı yük maşınının sürücüsü xarici sürücülük vəsiqəsi olan 55 yaşlı azərbaycanlı idarə etdiyi maşını naməlum səbəblərdən yolun kənarında dayanan yarımqoşqulu Reno markalı yük avtomobilinə çırpıb. Zərbənin gücündən qoşqu əks istiqamətdə olan hərəkət zolağına çıxıb və "Qazel" markalı yük maşınına dəyib. Hadisə nəticəsində "KamAZ"ın sürücüsü olan azərbaycanlı çoxsaylı sınıqla reanimasiya şöbəsinə yerləşdirilib.