Gənclər və idman naziri Sumqayıtda qəbul keçirib
Gənclər və idman naziri Azad Rəhimov Sumqayıt şəhəri Tarix muzeyində vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxıdan olan vətəndaşlar iştirak edib. 30-ə dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən, idman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqları ilə təmin olunması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri ilə bağlı olub.
Gənclər sahəsi üzrə edilən müraciətlər isə əsasən, Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, gənclərin asudə vaxtının səmərəli təşkili, yay istirahət düşərgələrinın yaradılması ilə bağlıdır.
Gənclərə güzəştli ipoteka kreditlərinin verilməsi, iş ilə təminatı ilə bağlı da müraciətlər olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması lazım məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.