Gəncədə "Audi" yandı
Gecə saatlarında Gəncədə avtomobil yanaraq, yararsız hala düşüb. Hadisə Gəncə-Şəmkir yolunun 5 km-də qeydə alınıb. APA TV-nin xəbərinə görə, Anar Əliyevin idarə etdiyi "Audi" markalı avtomobil hərəkətdə olarkən qəflətən maşının mühərrik hissəsindən alov çıxmağa başlayıb. Sürücü avtomobili yolun kənarında saxlasa da, yanğının qarşısını ala bilməyib. Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 2 yanğınsöndürən maşını və 10-dan artıq canlı qüvvəsi cəlb olunub. Ancaq bütün tədbirlərə baxmayaraq, avtomobil yararsız hala düşüb. Sürücü hətta maşından sənədləri belə çıxarmağa macal tapmayıb. Yanğınsöndürənlər tərəfindən alovun yol kənarındakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimallara görə, yanğına avtomobilin elektrik sistemində olan qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.