Azərbaycana nadir rast gəlinən narkotik vasitələr gətirən türkiyəli iş adamı tutulub
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkəmizdə nadir hallarda rast gəlinən külli miqdarda müxtəlif tərkibli narkotik və güclü təsirə malik psixotrop maddələri dövriyyədən çıxarıb. DİN mətbuat xidmətindən APA TV-yə bildirlib ki, bir qrup şəxsin ölkəyə gizli yollarla narkotik maddə və psixatrop maddələr gətirib satması barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Türkiyə vətəndaşı, 35 yaşlı Atila Boran Nərimanov rayonu ərazisində saxlanılıb. Onun üstündən, eləcə də yaşadığı evdən 40 qramdan çox kokain, 30 büküm sintetik üsulla hazırlanmış güclü təsirə malik banzay və 50 həb ekstazi aşkarlanıb. Saxlanılan şəxs bildirib ki, 5 ilə yaxındır Bakıda bizneslə məşğuldur. Narkotik satışına isə son bir ildə başlayıb. Atila Boran ifadəsində etiraf edib ki, biznes ortağı - Xətai rayon sakini, 28 yaşlı Ramin İsmayılovla əlbir olaraq dəfələrlə Türkiyədən qaçaqmalçılıq yolu ilə ölkəmizə müxtəlif tərkibli narkotik maddələr gətiriblər. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları Ramin İsmayılovu da yaxalayıblar. Saxlanılarkən onun üstündən 15 qram kokain və 30 həb ekstazi maddi sübut kimi götürülüb.
Müəyyən edilib ki, ölkəmizə narkotik maddə gətirərək satmaq təklifini Atila Boran verib. Ramin İsmayılov isə dəfələrlə Atila Borana pul verərək Türkiyəyə göndərib və kokain, banzay, həmçinin ekstazi gətirməyi tapşırıb. Əldə edilən pullar isə aralarında bölüşdürülüb.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq saxlanılan şəxslərin ətrafında araşdırmaları davam etdirir.