Azərbaycan prezidenti Moskva merini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimizin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən prezident İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyanın iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. 

 

Azərbaycan prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq, Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.

 

Dövlət başçısı Sergey Sobyaninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi və ölkəmizlə daha yaxından tanış olmaq işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

 

“Həqiqətən, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir”, - bunu isə S. Sobyanin bildirib.

 

Ticarət dövriyyəsinin artmasının önəmini vurğulayan Moskva meri qeyd edib ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sazişlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən S. Sobyanin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasının göstəricisi kimi dəyərləndirib.

 

Moskva şəhərinin meri Sergey Sobyaninin başçılıq etdiyi nümayəndə heyəti Nazirlər Kabinetində də olub. Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandum və Azərbaycandan kənd təsərrüfatı məhsullarının Moskvaya çatdırılması ilə bağlı iş adamları arasında ikitərəfli sazişlər imzalanıb. 

Müəllif | Apa.Tv
Apa.tv