Bakıda qadın müğənni dəhşətli qəzada ölüb - YENİLƏNİB

Bakının Xətai rayonu ərazisində 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. "Opel-Astra" markalı avtomobil prospektlə Zığ şossesi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən mebellə yüklü "QAZel" markalı yük maşınına çırpılıb. Sürət yüksək olduğundan və zərbənin gücündən "Opel" yolun əks hərəkət istiqamətinə düşüb. Bu vaxt Nobel prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "VAZ-2107" markalı avtomobil yolun ortasındakı "Opel"ə çırpılıb və onu aşırıb.

 

Qəza nəticəsində taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2107"-nin sürücüsü, 26 yaşlı Şahin Anar oğlu Nərimanov və  maşına sərnişin kimi minən 24 yaşlı Samirə Afiq qızı Bayramova hadisə yerində ölüblər. Avtomobil deformasiyaya uğradığından, meyitləri çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıblar.

 

Lent.az-ın məlumatına görə, 24 yaşlı Samirə Bayramova müğənni olub. O, bir sıra mahnı müsabiqələrinin iştirakçısı və laureatı olub, ifa etdiyi mahnılar radiolarda səsləndirilib.

 

Qəza nəticəsində "Opel"in sürücüsü və sərnişini xəsarət alaraq, xəstəxanaya aparılıb.

Müəllif | Apa.Tv