Türkiyədə qəza: 3 azərbaycanlı tələbə ölüb, 2 tələbəmiz yaralanıb - YENİLƏNİB

Türkiyənin Uşak vilayətində 3 azərbaycanlı tələbənin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə İzmir-Ankara yolunun 7-ci kilometrliyində qeydə alınıb. Gecə saat 22.20-də Əli Kərimli adlı azərbaycanlının idarə etdiyi 64 LV 863 nömrə nişanlı avtomobil yüksək sürət səbəbi ndən idarəetmədən çıxıb və əvvəlcə elektrik dirəyini aşırıb, daha sonra qarşı tərəfdən gələn avtomobilə çırpılıb. Qəza nəticəsində avtomobil bir neçə dəfə aşıb. Avtomobildə olan üç tələbədən ikisi - Ülvi Sadıqov və Elvin Hüseynov hadisə yerində ölüb. Digər tələbə Anar Musayev isə xəstəxanada keçinib. Sürücü Əli Kərimli, sərnişin Mayıs Həsənov və digər avtomobilin sürücüsü Adnan Kan, onun həyat yoldaşı və 3 uşağı ağır yaralanıb. Yaralılar dərhal Uşak Dövlət Xəstəxanasına çatdırılıblar.

 

Azərbaycanlıların hamısı Uşaq UNiversitetinin tələbələri olub. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) hadisə barədə məlumat yayıb. XİN-in mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, yaralanan şəxslərin vəziyyəti orta-qənaətbəxş hesab olunur.

 

Bu şəxslər Türkiyənin Uşak universitetinin 1 və 2-ci kurs tələbələridirlər. Uşak şəhəri Azərbaycanın İstanbuldakı Baş konsulluğunun cavabdehlik dairəsində daxil olduğundan Baş konsulluq tərəfindən zəruri tədbirlər görülüb. Hazırda Baş konsulluq Türkiyənin hüquq-mühafizə orqanları və səhiyyə xidməti ilə lazımı təmasları davam etdirir. Baş konsulluq eyni zamanda həlak olanların cənazələrinin vətənə çatdırılması, lazımı sənədləşmə işlərinin aparılması və yaralananlara dəstək verilməsi istiqamətində fəaliyyət göstərir.

 

Azərbaycanın Təhsil Nazirliyinə də bu barədə məlumat verilib. İlkin araşdırma zamanı bu şəxslərin dövlət hesabına təhsil almadıqları müəyyən edilib.

Müəllif | Apa.Tv
Apa.tv