Ermənistan müxalifəti "Serjik, get" şüarı ilə mitinq keçirib
Ermənistanın "Çiçəklənən Ermənistan", "Ermənistan Milli Konqresi" və "İrs" partiyalarından ibarət müxalifət üçlüyünün mitinqi keçirilib. APA TV-nin xəbərinə görə, nümayiş Abovyan şəhərində baş tutub. "Bu gündən Ermənistanda ipək inqilabı başlayır", - deyən Ermənistan Milli Konqresinin mətbuat katibi Levon Zurabyanın sözlərinə görə, hazırda Ermənistanı cinayətkar dəstə idarə edir: "Artıq ölkənin onlardan təmizlənmə prosesi başlayıb. Hər gün bu cinayətkar dəstə xalqdan 2,5 milyard dollar oğurlayır. Baxın, aparıcı vəzifələrə kimləri təyin edirlər-zalım və cinayətkarları. Bu rejim hakimiyyətdən kənarlaşdırılmayınca Ermənistan inkişaf etməyəcək".
Mitinqdə ölkənin hazırkı hakimiyyətdən azad olması üçün qarşıda 1991-ci ildə olmayan şansın yarandığı deyilib. Mitinq iştirakçıları müxtəlif ideologiyalara sahib bu 3 siyasi qüvvənin Ermənistanı hazırkı cinayətkar rejimdən xilas etmək üçün birləşdiyini bəyan ediblər. Mitinq "Serjik get" şüarı ilə başa çatıb.
Oktyabrın 10-da isə müxalifət üçlüyü partiya liderlərinin də iştirakı ilə İrəvanda geniş mitinq keçirməyi planlaşdırır.