Fəttah Heydərov: "Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz"
“Azərbaycan sürətli inkişaf yolundadır və bu inkişaf həmin dairələrin, Azərbaycanın inkişafını gözü götürməyən bədxah qüvvələrin maraqları çərçivəsində deyil. Bəzi beynəlxalq təşkilatların toruna düşərək aldanmış siyasətçilərin Azərbaycanla bağlı səsləndirdikləri ittihamlara əhəmiyyət vermək lazım deyil”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov komitənin iclasında bildirib: "Onlar bizim ölkənin inkişafını istəmirlər, bu inkişafı gözləri götürmür. Ona görə belə əsassız, qərəzli ittihamlarla, bəyanatlarla çıxış edirlər. Ancaq bunlara çox da ciddi əhəmiyyət vermək lazım deyil. Dediyim kimi, Azərbaycan sürətli inkişaf yolundadır və heç bir qüvvə onu bu yolundan döndərə bilməz. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 20 il öncə tarixi neft kontraktları imzalandı, "Əsrin müqaviləsi" həyata vəsiqə aldı. Bu günlərdə də həmin müqavilənin 20 illiyini qeyd etdik. Bu müqavilə, elə bilirəm ki, Azərbaycanın qoruyucu qalasıdır. Heç kim, heç bir qüvvə bu qalanı aşa bilməz. Çünki bu qalanın özülü, bünövrəsi çox möhkəm və sağlamdır”.
Komitənin sədri Arif Rəhimzadə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, qeyri-obyektiv hesabatlarla çıxış edən beynəlxalq təşkilatları haqqında sərt danışıb: "Deyirlər ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı xeyli problemlər var. Biz demirik ki, problemlər yoxdur, deyirik ki, bəli, var. Ancaq eyni zamanda, deyirik ki, 1 milyondan artıq insanın - qaçqın və məcburi köçkünün ata-baba yurdları işğal altında olduğu üçün onların da yerli idarəetmə orqanları, bələdiyyələri yoxdur, niyə bunlardan bir dəfə olsun danışmırsınız?! Bu, vicdansızlıqdır. Eyni zamanda, nöqsanların deyilməsindən də narahat olmağına dəyməz. Çünki biz bu zaman bilirik ki, kim kimdir..."
Milli Məclisinin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bələdiyyələrin statusunda və fəaliyyətlərində dəyişiklik müzakirəyə çıxarılıb.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.