Nazirlik rəsmisi: "Ermənilər Bakıya gəlsə, turlara qoşula biləcəklər"
"I Avropa Olimpiya oyunları zamanı Ermənistan nümayəndə heyəti Azərbaycana gələrsə, onlar da digər nümayəndə heyətləri və turistlər kimi tarixi memarıq abidələrinə təşkil edilən turlara qoşula biləcəklər".
Bunu APA TV-yə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib. Onun sözlərinə görə, turistlər üçün paytaxtda yerləşən muzeylərə, tarixi memarlıq abidələrinə ziyarətlərin təşkili nəzərdə tutulur: "Biz artıq marşrut proqramlarını hazırlamışıq. Bütün memarlıq abidələrinə təşkil ediləcək səfərlər zamanı həmin yer haqqında bələdçilər tərəfindən turistlərə geniş məlumat veriləcək. Bu da ölkəmizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir".
Nazirlik rəsmisi əlavə edib ki, hələ də ölkədə lisenziyasız fəaliyyət göstərən turizm obyektləri mövcuddur. Aparılan monitorinqlər nəticəsində 100-dən artıq turizm obyektində bu tip qanun pozuntuları üzə çıxıb. Həmin obyektlər barədə müvafiq cəza tədbirlər həyata keçirilib.
I Avropa Olimpiya oyunları ilə əlaqədar olaraq otellərə ulduzların verilməsi prosesinin sürətləndiyini deyən Aydın İsmiyev bildirib ki, hazırda iki və üçulduzu otellərin tikintisi və istifadəyə verilməsi istiqamətində işlər görülür. Bunun üçün nazirlik əməkdaşları bir sıra otellərə baxış keçirib.