Həbsxanada nikah: "APA Holding"in əməkdaşları məhkumların nikah şahidləri oldu

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində nikah mərasimi keçirilib.

 

APA TV -nın məlumatına görə, 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Masallı rayon sakini, Məmmədov Rüfət Kamal oğlu ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Astara rayon sakini Ağayeva Fərzanə Allahverdi qızının müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. 

 

Qeyd edək ki, məhkəmənin hökmü ilə R. Məmmədov 7 il, F. Ağayeva isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu gün təşkil olunmuş tədbirdə onların nikahı rəsmiləşdirilib.

 

Tədbirə "APA Holding"in bir neçə əməkdaşı qatılıb. Məhkumların nikah şahidləri də elə əməkdaşlarımız Jalə Mütəllimova və Şəhriyar Əlizadə olublar.

 

Tədbirdə iştirak edən Penitensiar Xidmətin rəis müavini Rafiq Ramazanov, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Mahir Əliyev hər iki şəxsi təbrik edib, onlara gələcək həyatlarında uğurlar diləyiblər. Rafiq Ramazanov bildirib ki, iki məhkumun nikaha daxil olması ilk dəfədir, baş verir.

 

Rüfət Məmmədov daha sevincli görünürdü. Yaradılan şəraitə görə, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinə təşəkkürünü bildirir,  övladlarına qovuşaçağı günü səbirsizliklə gözləyəcəyini deyirdi. Həzin müsuqi  və ilk dəfə nikah şahidliyi etmək əməkdaşımız Jalə Mütəllimovanı duyğulanrımışdı.

 

Qeyd edək ki, R. Məmmədov və F. Ağayeva azadlıqda olanda ailə həyatı qursalar da, rəsmi nikaha daxil olmayıb. Onların övladları dünyaya gəlib.

Tort kəsiləndən sonra Rüfət məni yanına cağırdı. Sən demə, azadlıqda olanda verilişlərimin hamısını izləyirmiş: "Kriminal Natiq... Onda 18 yaşım vardı, sənə baxırdım, maraqlı idi".

 

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsinə əsasən məhkum edilib. 

 

Müəllif | Apa.Tv