Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxış edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasının ümumi müzakirələrində çıxış edib.
APA TV-nin xəbərinə görə, Elmar Məmmədyarov Azərbaycanın qlobal davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə və 2015-ci ildən sonrakı İnkişaf gündəliyi ilə əlaqədar razılığın əldə edilməsinə öz öhdəliyini bir daha təsdiq etdiyini bildirib: “Minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsində mənim ölkəmin əldə etdiyi nəticələr unikaldır. Son on il ərzində Azərbaycanın ümum daxili məhsulu 3.4 dəfə artıb. Hazırda Azərbaycanın iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini əhatə edir. Yoxsulluq göstəricisi 2004-cü ildə 49 faizdən 2014-cü ildə 5.3 faizə düşüb. Eyni dövr ərzində işsizlik dərəcəsi 10.6 faizdən 5 faizə düşüb” - deyə nazir bildirib.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan dünya bazarında özünü etibarlı enerji təchizatçısı kimi doğruldub. Asiya və Avropa kimi iki böyük qitənin ortasında yerləşən Azərbaycan Şərq və Qərbin görüşdüyü, dünyanın əsas dinlərinin sülh şəraitində yanaşı mövcud olduğu və müxtəlif mədəniyyətlərin dəyər və ənənələrinin ahəngli formada bir-birini tamamladığı unikal məkandır.
Nazirin sözlərinə görə, zorakılıq və kövrək durum inkişafa qarşı ən böyük maneə olaraq qalmaqdadır: “Dünya birliyi hələ də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin ciddi şəkildə pozulması halları ilə üzləşir. Xalqlar dünya boyunca dağıdıcı müharibələr, təcavüz, hərbi işğal və etnik təmizləmədən hələ də əziyyət çəkməkdə davam edirlər”.
Elmar Məmmədyarov çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub: “İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir" deyə nazir qeyd edib.
Nazir təəssüflə bildirib ki, Ermənistan tərəfindən qətnamələrə və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə məhəl qoyulmur.
Elmar Məmmədyarov bildirib ki, iki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq və beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş məclisini aldatmağa çalışıb.
Nazir vurğulayıb ki, Azərbaycan BMT nizamnaməsində təsbit olunmuş hüquqlara xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır: “Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır.