Məşhur ürək cərrahı Ottavio Alfieri Bakıya gəlib
Dünyanın ən məşhur ürək cərrahlarından olan Ottavio Alfieri Bakıya gəlib. Respublika Diaqnostika Mərkəzində keçirilən “Mitral qapaq təmiri kursu”nda iştirak edən məşhur cərrah tələbələr və rezidenturada təhsil alan tibb işçiləri qarşısında müharirə oxuyub. Kursun təşkilatçısı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, kardiocərrah Rəşad Mahmudovun APA TV-yə verdiyi məlumata görə, təşkil edilən kurs Azərbaycanda son illərdə geniş inkişaf etmiş ürək-damar cərrahiyyəsinin spesifik bir sahəsi olan qapaq xəstəliklərinə həsr olunub. Kursda Almaniya, İtaliya, Türkiyə və Azərbaycandan yüksək ixtisaslı mütəxəssislər iştirak edir: "Bu kurs Azərbaycanda son illər geniş inkişaf fürsəti qazanmış ürək-damar cərrahiyyəsinin spesifik bir sahəsi olan qapaq xəstəliklərinə həsr olunub. Bu sahədə olan yeniliklərin ölkəmizə gəlməsi və bu yeniliklərin ölkə ixtisasçıları ilə birgə müzakirə edilməsi çox önəmlidir. Alfieri Ottavionun burada olması xüsusilə əlamətdar bir hadisədir".
Cərrah bildirib ki, qapaq xəstəliklərinə dair 2014-cü ildə dünyada qəbul olunmuş yeni tövsiyələr, cərrahi və intervensiyon müdaxilələr kursun əsas müzakirə mövzusunu təşkil edəcək. Gələcəkdə bu tipli kursların yenidən təşkil edilməsi planlaşdırılır.