İsmayıllıda ər 5 körpəsinin anasını işgəncə ilə öldürüb - YENİLƏNİB
İsmayıllı rayonunda dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Girk kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Qarayev Şöhrət Qara oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qarayeva Hilaləxan Ərkinbəy qızının başına bel aləti və yumruqla vuraraq onun öldürüb. Hadisə zamanı Şöhrət Qarayev sərxoş olub. O, meşədə dostları ilə spirtli içki qəbul edərək evə gəlib və həyat yoldaşının başına belin arxa tərəfi ilə, eləcə də təpik və yumruqla zərbələr endirərək onun sifətini tanınmaz hala salıb. Anasının ağır işgəncəyə məruz qalaraq döyüldüyünü görə 13 yaşlı qız nənəsinə və dayısına xəbər çatdırıb. Şöhrət Qarayev ölümcül vəziyyətdə olan həyat yoldaşının müalicə üçün xəstəxanaya aparılmasına da mane olmağa çalışıb. Tutularaq istintaqa təhvil verilən Şöhrət Qarayev polisə ilkin ifadəsində bildirib ki, həyat yoldaşı guya evin balkonundan yıxılıb. Qadın dünyasını dəyişəndən sonra isə Şöhrət Qarayev onu guya qısqanclıq zəminində aralarında baş verən dava zamanı döydüyünü bildirib. Beş uşaq anası Hilaləxan Qarayevanın anası, qardaşı və qonşular APA TV-nin yerli bürosuna bildiriblər ki, o gəlin çox sakit təbiətli, mehriban və ailəsinə sadiq bir qadın olub.
Hilaləxanın həmişə spirtli içki qəbul edərək evə gələn ərinin işgəncələrinə məruz qaldığı deyilir. Şöhrət Qarayev Hilaləxanı tez-tez döyməsi barədə kiməsə məlumat verəcəyi tədqirdə onu və qardaşını öldürəcəyi ilə hədələyirmiş. Kənd sakinlərinin sözlərinə görə, Şöhrət Qarayev gəlini öldürdükdən sonra onun barəsində yalan məlumat verərək namusuna ləkə yaxıb, ona qonşunun kişisini misal çəkməsi kimi yalan məlumat verərək şər atıb. Hazırda onların birgə nikahından olan 5 övladı kimsəsiz qalıb. Onların sonuncu övladı 20 gün öncə dünyaya gəlib. Hilaləxan Qarayevanın anası öz qızının yetim övladlarını heç kimə vermək istəmədiyini və onları himayə edərək böyüdəcəyini bildirib. O, heç yerdə işləmədiyi və əlavə gəlir yeri olmadığı üçün beş uşağa baxmağın çox çətin olacağından ona müəyyən köməklik göstərilməsini xahiş edir. Şöhrət Qarayev tutularaq istintaqa cəlb edilib. Faktla bağlı İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.