Bu payızın dəbi: eybəcər uzunluqda ətəklər, torpaq rəngləri, "3D" makiyaj...
Artıq payızın ilk ayındayıq. Təbii ki, hər fəslin özünə uyğun dəbi var -rəngarəng payızın da. Modelyer Şəlalə Maqsudova deyir ki, dəblə ayaqlaşmaq yaxşıdır, amma bununla yanaşı, hər kəs özünə yaraşanı geyinməli, rəngləri də buna görə seçməlidir. Onun sözlərinə görə, payızda fərqli rənglər, fərqli biçimlərlə dəbdə olacaq. Payız geyimi seçərkən xanımlarımız xüsusilə onun biçiminə və rənginə diqqət yetirməlidir: "Geyim tərzlərində dəyişiklik olacaq. Payızın soyuq yağışlı havalarına uyğun fərqli biçimli koftalar, jiletler, pencekler daha da önə çıxacaq. Payızda ən çox trapes biçilmiş ətəklər gündəmdə olacaq. Dizdən bir az aşağı - buna eybəcər uzunluq deyirlər. Bu tip ətəklər gündəmdə olacaq".
Modelyer deyir ki, ən çox rənglərdə dəyişiklər olacaq: "Əsasən, göyün tünd rəngləri, yasəmən rəngi, torpaq rəngləri dəbdə olacaq. 2014-ün ən aktual rənglərindən biri də torpaq rəngləridir. Bu da payız ayında ən çox qabarıq şəkildə özünü göstərəcək. Qışda da torpaq rəngləri qabarıq şəkildə özünü göstərəcək. Ağ və qara rənglər heç vaxt dəbdən düşmür, bu il də gündəmdə olacaq".
Şəlalə Maqsudova köhnəlmiş geyimləri atmamağı tövsiyə edir. Deyir ki, yararsız paltarlardan çox fərqli payız geyimləri hazırlamaq olar. Ayaq geyimlərinə gəldikdə, ən çox ucu oval formada olan, sonra bir az ucu şiş və hardasa 5-6 sm hündürlükdə nazik, hündürdaban ayaqqablar gündəmdə olacaq. Rənglərdən isə daha çox qara və göy rənd ayaqqablar dəbdə olacaq.
Stilist Elnur Həsənov isə APA TV-yə bildirib ki, daha çox zoğalı, tünd bənövşəyi və ona yaxın çalarlar dəbdədir: "Adətən deyirlər ki, payız-qış mövsümündə ən çox tünd rənglər yaxşı görünür".
Onun sözlərinə görə, payız və qış mövsümü üçün də qısa saç modelləri gündəmdə olacaq. Saç rənglərinə gəldikdə isə, bu il ambre deyilən rəng çalarları dəbə girib. Yəni, saçların bir-birinə keçidi.
Stilist deyib ki, daha çox korreksiya olunmuş makiyaj növü dəbdədir. Elə payızda da bu makiyaj növündən istifadə etmək olar: "İndi müştərilər daha çox "3D" adlanan makiyaja üstünlük verirlər. Pastel tonları dəbdədir. Dodaq boyasına gəldikdə, daha çox tünd rənglər - zoğalı, tünd yasəmən rəngli boyalar dəbdədir".
Müsahibimin sözlərinə görə makiyaj etməyi bacarmayanlar göz qələmi ilə, kipriklərə həcm verməklə normal sadə makiyaj edə bilərlər. Bir sözlə mütəxəssislər deyir ki, dəbdən asılı olmayaq, insan özünə uyğun olanı seçməlidir ki, güzgüyə baxdıqda özündən zövq almağı bacarsın.