Allahşükür Paşazadə: "Mən, Patriarx Kiril və erməni katolikosu arasında görüş keçirilə bilər"
“Moskvaya səfərimə iki-üç aya yaxın idi ki, hazırlıq gedirdi. Bəzi məsələlər vardı ki, onların ətrafında patriarx Kirillə bir müddətdir müzakirələr aparırdıq”.
APA TV-nin xəbərinə görə, bunu Rusiyada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.
A. Paşazadə patriarx Kirillə görüşü zamanı müsəlman və xristian dünyasını narahat edən məsələlərə toxunduqlarını söyləyib: “Müzakirə apardığımız ən mühüm məsələlərdən biri təbii ki, postsovet məkanındakı əsas münaqişə ocağı olan Dağlıq Qarabağ problemi idi. Bu konfliktin qarşısı vaxtında alınsaydı, indi postsovet məkanında baş verən proseslər olmazdı. Biz patriarxla münaqişənin həlli yollarını müzakirə etdik. Təbii ki, biz siyasətçi deyilik. Din xadimləri olaraq siyasətçilərə necə kömək edə bilərik? Bu sual ətrafında fikir mübadiləsi apardıq. Yaxın gələcəkdə patriarx, mən və erməni katolikosu Qaregin arasında üçtərəfli görüş keçirilə bilər. Bu görüşü müzakirə etdik. Müəyyən məsələlərdə razılaşdıq. Patriarx da, mən də Qareginlə görüşlər keçirəcəyik. Gələcəkdə görüşlərin vaxtını, hansı məsələlərin müzakirə olunacağını müəyyən edəcəyik”.
A. Paşazadə Kirillə görüşündə Ukraynada baş verən proseslərə də toxunduğunu bildirib.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda təxribat yaratmaq istəyən bəzi qüvvələr var. Onun sözlərinə görə, Rusiyanın müsəlmanlar yaşayan yerlərində, Tatarıstan, Başqırdıstan və Şimali Qafqazda da bəzi qüvvələr təxribatlar törətmək istəyirlər. Patriarx Azərbaycandakı tolerantlığa mühüm önəm verir.