Göyçayda sərxoş kişi qəza törədib, özü və arvadı ölüb, azyaşlı qızı ağır yaralanıb

Göyçay rayonunda bir ailənin iki üzvünün ölümü, bir üzvünün ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçayın Məlikkənd kəndində qeydə alınıb. Ucar rayonunun Qulabənd kənd sakini, 43 yaşlı Nuriyev Əzəmməd Abdurrəhman oğlu idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq, beton elektrik dirəyinə çırpılıb. Qırılan beton elektrik dirəyi avtomobilin üzərinə düşüb. Hadisə zamanı sürücü Əzəmməd Nuriyev və onun həyat yoldaşı, 36 yaşlı Nuriyeva Ulduzə Əliyar qızı aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər və 11 yaşlı Nuriyeva Əfsanə Əzəmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, elektrik dirəyinin aşması nəticəsində yüksək gərginlikli elektrik xətləri qırılıb, rayonun 6 kəndi işıqsız qalıb. Məlumata görə, qəzaya düşən ailə toy mərasimindən qayıdırmış və sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

Müəllif | Apa.Tv
Elvin Yaqubov