Ağcabədidə toyda dava düşüb, 21 yaşlı oğlan bıçaqlanaraq öldürülüb
Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb, ölən və yaralananlar var. APA TV-nin məlumatına görə, baş vermiş davada 1993-cü il təvəllüdlü Elnur Mehman oğlu Məmmədov və Elmidar Eldəniz oğlu İsmayılov bıçaqlanıb, Nizami Abbasov, Nəzakət Abbasova, Elmir Məmmədov isə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağcabədi Mərkəzi rayon Xəstəxanasına gətiriliblər.
Xəsarət alan Nəzakət Abbasovanın bildirdiyinə görə, onlar Bakının Suraxanı rayonundan bacısı oğlunun Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən toy mərasimində iştirak etmək üçün gəliblər: "Qonaq gəlmişik. Bizi qırdılar. Qardaşım oğlu bıçaqlandı, oğlumun üstünə 12 nəfər düşüb döydü".
Nəzakət Abbasovanın özü, digər oğlu və daha bir neçə qohumu da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, bıçaqlanan Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb, o xəstəxanaya çatdırılarkən yolda ölüb.