Suriyadan Türkiyəyə top atılıb, 3 nəfər yaralanıb
ABŞ və müttəfiq ölkələr Suriyanın əsas qaz emalı zavoduna hava zərbələri endirib. APA TV-nin məlumarına görə, "Koneko" qaz emalı zavodu "İraq Şam İslam Dövləti" terror təşkilatının nəzarətində idi və İŞİD üçün strateji əhəmiyyət daşıyırdı.Hava zərbələri nəticəsində İŞİD silahlıları arasında tələfatın olmadığı, amma bir neçə nəfərin yaralandığı bildirilir.
Bu arada İŞİD-in başçılarından biri, Küveyt vətəndaşı, "rus Xalid" kimi tanınan Xalid əl-Ənzi məhv edilib. Küveyt mətbuatının məlumatına görə, o, Suriyanın Türkiyə ilə sərhədindəki Ayn əl-Ərəb yaşayış məntəqəsində öldürülüb. 2011-ci ildə Suriyada hərbi əməliyyatlar başladıqdan sonra Xalid əl-Ənzi "ən-Nüsrə cəbhəsi"nə qoşulub. Lakin sonradan bu təşkilatı tərk edib və İŞİD sıralarına keçib. Əl-Ənzi kürdlərdən birinin başının kəsilməsinin internetdə yayılmış videosundan sonra tanınmağa başlayıb.
Suriyanın Türkiyə ilə sərhədindəki Kobani şəhərində kürd döyüşçülərlə İŞİD arasında döyüşlər şiddətlənib. Döyüş zamanı Kobaninin mərkəzinə top mərmisi atılıb. Partlayışdan sonra Kobanidə yaşayanlar Türkiyə ilə sərhədə toplaşıblar.
Suriyada döyüşlərin getdiyi bölgədən atılan top mərmilərindən biri Türkiyə ərazisinə düşüb. Nəticədə 3 nəfər yaralanıb.
İŞİD İraqın paytaxtı Bağdadın qərbindəki əl-Əmiiriyə yaşayış məntəqəsinə də hücum edib. Lakin İraq ordusu hücumun qarşısını alıb. Fəllucə şəhərinin 30 kilometrliyində yerləşən yaşayış məntəqəsinə hücum dəf edilərkən, İŞİD ciddi itki verib və azı 15 silahlı məhv edilib. Öldürülənlərdən biri İŞİD-in Fəllucədəki liderlərindən olan Molla Cassem Hamaddır.