Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti başlayır
Bu gün Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. APA TV-nin məlumatına görə, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan dövlət başçıları görüşlərdə iştirak edəcəklər. Görüşlərin sonunda bir sıra sənədlərin, o cümlədən gələcəkdə Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üçün baza rolu oynayacaq siyasi bəyanatın qəbulu gözlənilir.
Sənəddə dövlət suverenliyi və balıqçılıq zonası və region ölkələrindən başqa heç bir ölkənin silahlı qüvvələrinin Xəzər dənizində mövcudluğunun mümkünsüzlüyü barədə əsasnamə yer alacaq.
Rusiya prezidentinin köməkçisi Yuriy Uşakovun sözlərinə görə, görüşün rəsmi hissəsi bitdikdən sonra ölkə başçıları Volqa çayı sahilində gəzəcək və körpə nərə balıqlarının çaya buraxılması mərasimində iştirak edəcəklər.
Yuriy Uşakov bildirib ki, hələlik dövlət başçıları Xəzər dənizinin hüquqi statusu ilə bağlı siyasi bəyanatın qəbulu ilə kifayətlənəcəklər. Lakin yekun konvensiya 2015-ci ildə Qazaxıstanda keçirilməli olan sammitdə qəbul edilə bilər.
İmzalanmalı olan sənədlər isə aprelin 22-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə nəzərdən keçirilib.
Xəzər dənizini bölmək problemi 1991-ci ilə SSRİ-nin dağılmasından sonra başlanıb. Hazırda Xəzər sahilində 5 dövlət var: Azərbaycan, Türkmənistan, Qazaxıstan, İran, Rusiya. Lakin onların təsir dairəsi hələ də tam müəyyənləşməyib.
2002-ci ildə Aşqabadda keçirilən birinci sammitdə Rusiya Modifikasiya edilmiş eyni uzaqlıqda orta xətt prinsipi ilə bölünməsini təklif edib. Hazırda Azərbaycan və Qazaxıstan bu fikri dəstəkləyir. Bu formula əsasən Xəzərin dibi orta xətt prinsipi ilə bölünəcək. Səthi isə ümumi olacaq. Belə olan halda Qazaxıstana Xəzərin 29,5, Azərbaycana 21, Rusiyaya 20, Türkmənistana 17, İrana isə 12,5 faizi düşür. Etiraz edən ölkələr isə iddia edir ki, hər bir ölkəyə Xəzərin 1/5-i aid olmalıdır.
Azərbaycanla Türkmənistan arasında böyük neft və qaz yataqları olan Kəpəz və Sərdarla bağlı fikir ayrılığı var. Ölkələr Rusiyanın təklifini dəstəkləsə, onda bu yataqlar Azərbaycanın balansına keçəcək.