Donetsk aeroportuna hücum: 7 Ukrayna hərbçisi öldürüldü

Separatçı qüvvələrin Donetsk aeroportunu hücumla ələ keçirmək cəhdi baş tutmayıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində aeroporta bir neçə hücum cəhdi olsa da, bu hücumların qarşısı alınıb. Separatçılar hücum zamanı tankların və zirehli transportyorların köməyindən istifadə edir. Hava limanının müdafiəsi zamanı Ukrayna tərəfi itkilər verib. Rəsmi açıqlamaya görə, bu səhər zirehli texnikadan açılan dəqiq atəş nəticəsində 7 Ukrayna hərbçisi ölüb, 9 hərbçi yaralanıb. Antiterror qüvvələri separatçıların iki tankını yandırmağa müvəffəq olublar. Hazırda aeroport Ukrayna hərbçilərinin nəzarətindədir.

Ukrayna prezidenti Pyotr Poroşenko atəşkəs sazişi imzalandıqdan sonra minədək hərbçinin əsirlikdən azad edildiyini deyib. Hökumətin Maiupoldakı vəziyyəti nəzarətdə saxladığını deyən Poroşenko bildirib ki, bu şəhər həmişə Ukrayna şəhəri olub və olmaqda da davam edəcək.

Müəllif | Apa.Tv
Apa.tv