Bakıda "Soma" qurbanlarına yardım kampaniyasında fəal iştirak edənlər mükafatlandırılıb

"Türkiyədə Soma vilayətində yaşanan faciə hər bir türk ailəsinin hüznünə çevrildi. Faciəyə Azərbaycan da böyük diqqət ayırdı. Bu, Azərbaycanın qardaş ölkə kimi həm sevincdə, həm kədərdə Türkiyənin yanında olduğunu bir daha göstərdi".

 

APA TV-nin xəbərinə görə, bunu Türkiyənin Manisa vilayətinin Soma rayonunda şaxtada baş verən faciənin qurbanlarına yardım kampaniyasında iştirak edənlərin mükafatlandırılması mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib: "Bu, tarix boyunca Azərbaycandan gördüyümüz, alışdığımız bir məhəbbət seli idi. Bu, bizi qürurlandırdı".

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəki Novruz Aslan isə bildirib ki, yardım kampaniyasında xeyli insan iştirak edib: "Qərara aldıq ki, Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə bu kampaniya başlayaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti kampaniyanı çox uğurlu başa çatdırdı".

 

Mərasimdə kampaniyada fəal iştirak edən millət vəkiləri, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri mükafatlandırılıb.

 

Mükafatlandırılanlar sırasında APA İnformasiya Agentliyi də var.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı