Ann Brassör: “Azərbaycan və Ermənistan heyətləri arasında görüş mümkünsüz məsələyə çevrilib”
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayır. Sessiya oktyabrın 3-dək davam edəcək. Tədbir çərçivəsində qurumun sədri Ann Brassör mətbuat konfransı keçirdib. APA TV-nin Avropa bürosunun xəbərinə görə, mətbuat konfransında AŞPA sədri bir çox məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Erməni jurnalistin danışıqlarda Dağlıq Qarabağın da ayrıca tərəf kimi iştirakının mümkünlüyü ilə bağlı sualına A. Brassör belə cavab verib: “Ötən həftə mən Azərbaycanda səfərdə oldum və fürsətdən istifadə edərək parlamentlər səviyyəsində iki ölkənin nümayəndələri arasında təmasların keçirilməsinin vacibliyini bir daha qeyd etdim. Hazırda bu, olduqca mürəkkəb, hətta deyərdim ki, mümkünsüz bir məsələyə çevrilib. Lakin hər iki nümayəndə heyətini bir araya gətirə bilməyimiz çox vacib bir məsələdir. AŞPA-nın məndən öncəki sədri iki ölkə nümayəndə heyətləri arasında görüşlərin keçirilməsinə nail olmuşdu. Mən də ardıcıl olaraq bir neçə görüşlərin keçirilməsinə müvəffəq olmuşdum, lakin sonradan tərəflər bundan imtina etdilər. Biz məsələni parlamentarlar səviyyəsində irəli apara bilərik və mənim də istəyim odur ki, hər iki nümayəndə heyəti öz aralarında danışa bilsinlər”.
Sessiyanın ilk günündə Ukraynadakı böhran, “İŞİD”in yaratdığı təhlükələr də müzakirə ediləcək.
Oktyabrın 2-də isə Azərbaycanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.