Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gəncə şəhəri və daha 5 rayonun sakinləri ilə görüşüb.

APA TV-nin məlumatına görə, Səlim Müslümov görüşdə Gəncə, Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib.

Müraciətlər əsasən ayrı-ayrı təminat növləri, habelə minik avtomobili və mənzil, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. S. Müslümov müraciətlərin qısa müddətdə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.

Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılmaqla əlaqədar müraciət edən vətəndaşlara bununla bağlı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq tibbi göstəriş almalı olduqları bildirilib.

Qəbulda S. Müslümov müraciətlərinə əsasən, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, habelə Nazirliyin bərpa-müalicə müəssisələrinə göndərişlə, tənha ahıl vətəndaşların sosial xidmətlərlə təmin olunması, bir sıra şəxslərin ailələrinin ünvanlı yardım almaq hüququna baxılması barədə göstərişlər verib: “Biz hazırda ölkədə qabaqcıl Avropa təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlər sisteminin yaradılması işlərini aparırıq. Eyni zamanda, bərpa-müalicə mərkəzlərinin əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulması və bərpa-müalicə şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi üçün müvafiq işləri görürük”.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv
Apa.tv