Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti keçirilib
Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və İran prezidenti Həsən Ruhani iştirak ediblər.
Toplantıda Xəzərin hüquqi statusu ilə bağlı məsələlər və regionun təhlükəsizliyi müzakirə olunub. Rusiya prezidenti Vladimir Putin deyib ki, Xəzər dənizi beş Xəzəryanı dövlətin strateji mirasdır. Dövlətlərin qarşılıqlı fəaliyyəti regionun təhlükəsizliyini möhkəmləndirəcək və iqtisadi inkişafına kömək edəcək.
Sammitdə Xəzərin hüquqi statusu haqqında siyasi bəyanat qəbul edilib və bir sıra razılaşmalar imzalanıb. Bəyanatda akvatoriyanın delimitasiyası üzrə razılaşdırılmış müddəaları əks etdirmək mümkün olub.
Qeyd edək ki, sammit çərçivəsində Azərbaycan və İran prezidentlərinin ikitərəfli görüşü keçirilib. Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib.
Söhbət zamanı həmçinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.