Belçikada 46 İŞİD tərəfdarının məhkəməsi keçirilir
Anti-İŞİD koalisiyası bu dəfə Suriyada terrorçu dəstə üzvlərinin mövqelərini bombalayıb. APA TV-nin məlumatına görə, İŞİD-in mərkəzi şəhəri Raqqada əməliyyatlar keçirilib. Şəhərin şimal bölgəsində bir məktəb və hava limanı bazası aviazərbələrin hədəfinə tuş gəlib.
Suriyanın xarici işlər naziri Valid Müəllim BMT-nin Baş Assambleyasında çıxışı zamanı rəsmi Dəməşqin İŞİD-ə qarşı mübarizədə həmrəy olduğunu bildirib. Lakin nazirin sözlərinə görə, Amerika Birləşmiş Ştatları ölkədəki “mötədil müxalifət” adlandırdığı, əslində, ekstrimçi qüvvələri silahlandırmaqla Suriyada ikiməqsədli siyasət yürüdür.
Nazir onu da əlavə edib ki, Suriya hökuməti terrorzimə qarşı mübarizədə istənilən beynəlxalq təşəbbüsün tərəfdarıdır, lakin mübarizə Suriyanın suverenliyi çərçivəsində aparılmalıdır.
Digər yandan, Avropada mücahidlərə qarşı mübarizə davam edir. Belçikanın Antverpen şəhərində radikal dini qruplaşma üzvü olmaqda şübhəli bilinən 46 nəfərin məhkəməsi olub. Məlumata görə, şübhəlilər “Belçika üçün Şəriət” qrupunun üzvləridir. Onlar Suriya və İraqda döyüşmək üçün İŞİD-ə "mücahid"lərin toplanması və səfərbər edilməsi fəaliyyətində ittiham olunurlar.
Qrup rəhbərlərinin terrorizm fəaliyyəti təsdiqlənəcəyi təqdirdə onu 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.