Oğurluğa görə saxlanılan şəxs: "4-cü dəfədir, tutuluram, 11 il yarım yatmışam"

Sumqayıtda atomobillərdən oğurluq etməkdə təqsirləndirilən keçmiş məhkum saxlanılıb. APA TV-nin xəbərinə görə, şəhər sakini Zakir Nurəliyev avtomobillərdən maqnitofonu oğurlamaqda təqsirli bilinir. Gecə saatlarında əsasən, Rusiya istehsalı olan avtomobillərin ehtiyat hisslərini və maqnitofonlarını oğurlayan Nurəliyev Sumqayıt şəhər Pİ 3-cü polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. O, daha öncə narkotik vasitələrin istifadəsi və dövriyyəsinə görə məhkum olunduğunu deyib: "4-cü dəfədir, tutuluram, 11 il yarım yatmışam. Elədiyim əməllərə görə peşman olub-olmadığımı deyə bilmərəm. Belə də, heç nədən peşman deyiləm. Eləmişəm də..."  

 

Abşeron rayon Polis İdarəsinin əməkdaşları isə əvvəllər dələduzluq əməlinə görə məhkum olunan 1977-ci il təvəllüdlü Araz Məmişovu yaxalayıblar.  Fərdi yaşayış sahələrinin tikintisində iş icracısı kimi calışan saxlanılan şəxs barəsində 6 nəfər polisə şikayət ərizəsi yazıb. Özünün dediyinə görə, o, arada vasitəci olub. Vətəndaşların ondan nəyə görə şikayət etdiyini anlamır: "Düzüb qoşmuşam. Hərəsi mənə 200 manat pul verib".

 

Polisə müraciət edənlər Məmişovun onların pullarını alaraq işlərini başa çatdırmamasından şikayətçidirlər. Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci  (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv