Azərbaycan prezidenti: "Xəzər sammiti Xəzəryanı ölkələrin mövqelərinin yaxınlaşmasında bir sıçrayış oldu"

Həştərxanda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib. APA TV-nin xəbərinə görə, görüşdə iki dövlət arasında olan münasibətlər, IV Xəzər sammitinin yekunları müzakirə olunub. Vladimir Putin dünya iqtisadiyyatının problemlərinə baxmayaraq, Rusiya və Azərbaycan münasibətlərinin ən həssas sahələrdə belə aktiv inkişaf etdiyini deyib: "Mənə çox xoşdur ki, Xəzəryanı ölkələrin Sammiti çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşürəm. Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb. Dünya və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq, iqtisadi sahədə də irəliləyiş var. Son vaxtlar əmtəə dövriyyəsində çox böyük olmasa da, artım müşahidə edirik – 2 faiz, hər halda bu, artımdır".

 

"Xəzər sammiti Xəzəryanı ölkələrin mövqelərinin yaxınlaşmasında bir sıçrayış oldu". Bunu isə Vladimir Putinlə görüşündə Azərbaycan prezidenti İlham Əliyev bildirib: "Sammitdə olduqca vacib qərarlar qəbul edildi. Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub".

 

Qeyd edək ki, sentyabrın 29-da prezident İlham Əliyevin Həştərxan şəhərinə işgüzar səfəri başa çatıb.

Müəllif | Apa.Tv