6 ildən bir 6 bal gücündə zəlzələ baş verən şəhər - GİLANIN MASULƏ ŞƏHƏRİNDƏN REPORTAJ

Dünyada özünəməxsus memarlıq quruluşu və şəhərsalma tipi ilə seçilən Masulə şəhərindəyik. Bu qəribə şəhər Gilan vilayətinin ən görkəmli yerlərindən birində salınıb.

Masulə şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərindən 70 kilometr uzaqlıqda yerləşir. Şəhərin cəmi 16 hektar ərazisi var, dəniz səthindən 1050 metr hündürlükdə yerləşən Masulə İranın milli mədəni irsi siyahısına daxil edilib.

Nəhayət ki, Masuləyə çatırıq. Buranın çox fərqli havası var, şəhərə daxil olarkən yağan narın yağış bunu təsdiqlədi. Şəhərdə hava dumanlı və soyuqdur. Masuləyə ilin 365 günü yağış yağır. Əslində bura sentyabrda səfər etməkdə bəxtimiz gətirib, çünki havalar tam soyuduqdan sonra şəhərdə hərəkət etmək çətinləşir.

Masulədəki evlər elə tikilib ki, bir evin damı digər evin həyətidir. Eyni ilə bizim Xınalıq kəndi kimi...Burada ilin bütün günü hava yağışlı olduğu üçün evlər nəzərə çarpsın deyə, tünd sarı rəngə boyadılıb.

Masulənin yerləşdiyi ərazidə ilk kənd təxminən 1006-cı ildə indiki yerdən 6 kilometr şimal-qərbdə salınıb və qədim Masulə adlandırılıb. 1485-ci ildə baş verən güclü zəlzələ və 1536-cı ildə yayılan vəba xəstəliyi səbəbindən əhali buranı tərk etməli olub. Yeni Masulə isə Gilan əyalətinin ən yüksək zirvəsində - Şahmoelimdə yenidən inşa edilib və öz tarixi görkəminə qayıdıb.

Şəhərin təhlükəsizliyini təmin etmək və tarixi görkəmini qorumaq məqsədilə şəhərə giriş ödənişlidir. Bir qədər içəriyə doğru getdikdən sonra isə avtomobillərin hərəkəti qadağan edilir.

Şəhərin mərkəzinin qələbəlik olacağı elə girişdən hiss olunur. Masulənin bu unikal görüntüsü dünyanın bir çox ölkələrindən olan turistləri, o cümlədən ölkə əhalisini buraya cəlb edir.

Şəhərin onsuz da dar olan küçələri boyu düzülən mağazalar gediş-gəlişi bir qədər də çətinləşdirir. Masulənin rəngarəng mağazaları, tarixi bazarları əl işləri ilə doludur. Əhalinin əsas gəlir mənbəyi elə bu sənətdir. Ziyarətçilərin diqqətini əsasən əllə toxunan çantalar və gəlinciklər cəlb edir. Qiymətlər o qədər də ucuz deyil. Yol kənarlarında isə kiçik qablarda yerli yemək növləri satılır.

Masulə həm də pinəçiləri ilə məşhurdur. Onların tikdikləri və çumuş adlandırılan ayaqqabılara yapışdırıcı maddələr vurulmur. Maraqlısı odur ki, bu ayaqqabıların sağ və sol tayları fərqlənmir. Qədimdə bu ayaqqabıları nar qabığı ilə boyayarlarmış. İndi isə bu cür ayaqqabılar plastikdən düzəldilir və bəzək əşyası kimi istifadə olunur. Çumuş ustalarının əksəriyyəti dədə-babalarından qalan bu sənəti davam etdirirlər.


Buranın əhalisi 10 əsr əvvəl Azərbaycan və Xorasandan köçmüş insanların nəslidir. Burada əvvəlcə bazar tikilib, sonra isə ətrafında şəhər salınıb. Şəhərdəki evlərin hamısının pəncərələri istisnasız olaraq əl işidir.


Masulədə qapının döyən şəxsin kişi, yoxsa qadın olduğunu bilmək üçün qapısına iki dərmir vururlarmış.

Şəhərin icra strukturunun rəhbəri Əli Xəlili deyir ki, şəhərə hər il dünyanın hər yerindən 1.5-2 milyon turist gəlir.

“Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələr Masuləni maraqla qarşılayırlar. Şəhərin əhalisinin sayı min nəfərdir. Ancaq yay aylarında bir çox bölgələrdən bura əhali köçür və şəhər əhalisinin sayı 2-3 min nəfərə çatır.

Küçələrlə hərəkət etdikcə milli geyimli gənclərlə rastlaşırsan. Onlar öz geyimləri ilə qonaqlara tarixi şəhərdə olduqlarını bir daha hiss etdirirlər. Gənclərdən birini söhbətə tuturuq:

Əynimdəki geyim Qacarlar dövrünün geyimidir. Xanımın geyimi isə Gilanın milli geyimidir. Biz bu geyimlərdə turistlərlə şəkil çəkdiririk.

Region ölkələrini bir-birinə bağlayan yolların kəsişdiyi yerdə tikilən bu şəhər tarixən ticarət mərkəzi olub. Əli Xəlili deyir ki, Masulədəki evlər, insanların həyat tərzi, yeməkləri Azərbaycan yeməkləri ilə çox oxşayır. Çünki qədim zamanlarda buranın insanları uzun müddət məhz Ərdəbil və Zəncanla ticarət ediblər və bu ticari əlaqələrin nəticəsində burda yaşayan insanlar Azərbaycan türkcəsində sərbəst danışa bilir. Ümumilikdə isə Masulə əhalisinin 50 faizi milliyyətcə türkdir. Şəhərin hər tinində doğma dilimizdə yaşayan insanlara rast gəlirik.

“Çox xoş gəlmisiniz. Biz də Azərbaycandan gəlmişik. Təbrizdən. Mən özüm Ərdəbildə doğulmuşam, atam isə bakılıdır. Masulə buranın ayrı bir yeridir. Dünyada evlərin bir-birinin üstündə tikildiyi cəmi bir neçə belə şəhər ola bilər”.

Masulə sakini Əlirza Cahanbəxş deyir ki, burada 6 ildən bir 6 bal gücündə zəlzələ olur. Amma evlər zəlzələyə davamldıır:

Masulədə nə torpaq var, nə də su. Bəs necə olur ki, bu şəhərdə məskunlaşma baş tutub? Burada məskunlaşmanın əsas səbəbi dəmir mədənidir. Elə şəhərin qurulmasına da bu səbəb olub. Hər il 3 bal gücündə zəlzələ baş verir. Evlər palçıqdan və ağacdan tikilsə də, zəlzələyə davamlıdır. Evlərin əksəriyyətində tunellə bir-birinə keçid var.

Masulədə 17 karvansara, 11 məscid, 5 ümumi hamam, 400 mağaza var. Şəhərin yarandığı gündən kanalizasiya sistemi olub. Maraqlı məqamlardan biri də odur ki, burada küçələrin heç birinin dalanı yoxdur.

Masulə bizi yağışla qarşılayıb, yağışla da yola salır…

Müəllif | Apa.Tv