Əli Həsənovdan BMT-yə çağırış: Girov azərbayacnlıların qaytarılmasına kömək edin!
Sentyabrın 29-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası başlayıb. APA TV-nin verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, Afrika qitəsi daxilində, habelə onun hüdudlarından kənarda insanların kütləvi miqrasiyası beynəlxalq birliyin qarşısında uzun müddət mövcud olan qaçqınlar və məcburi köçkünlər problemləri ilə yanaşı, yeni vəzifələr qoyur. Onun sözlərinə görə, bu məsələ Azərbaycan hökumətini ciddi narahat edir: “Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir”.
Ə. Həsənov bildirib ki, bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub: “Onlardan biri – məcburi köçkün Həsən Həsənov girov götürülərkən öldürülüb. Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdir və orada qeyri-insani rəftara məruz qalırlar. Həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsən Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq”.
İclasda Afrikanın Somali, Cibuti, Burkina-Faso, Çad və digər ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun iştirakı ilə həmin ölkələrdə həyata keçirilən humanitar layihələrə görə minnətdarlıq ediblər.