Lənkəranda polis əməkdaşı reyd zamanı ölüb
Ötən gecə Lənkəran rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı, rayonun Şirinsu kənd sakini, 1986-cı il təvəllüdlü Malik Əlizakir oğlu Cahangirov xidməti vəzifəsini yerinə yetirdiyi zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisə keçirilən reyd zamanı baş verib. Su polisinin 5 nəfərlik qrupu rayonun Veravul çayı ərazisində qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq istəyib. Bu zaman Malik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları elektrik enerjisinin qurbanı olub.
Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Patoloji Anatomiya və Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə aparılıb. Polis əməkdaşının ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Lənkəran Rayon Prokurorluğundan APA TV-yə bildirilib ki, hadisə ilə bağlı iki nəfər saxlanılıb.