Yağışlı və buludlu hava davam edəcək
Oktyabrın ilk günü Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA TV-yə bildirib ki, şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-24 dərəcə isti olacaq: "Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ayın 2-də temperaturun bir qədər aşağı düşəcəyi, gündüz 17-20 dərəcə isti olacağı proqnozlaşdırılır".
Azərbaycanın əksər rayonlarında hava əsasən, yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 10-15, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq: "Oktyabrın 2-də isə bölgələrdə əsasən, yağıntılar olacağı, arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Aran rayonlarda günorta saatlarında 19-24, Dağlıq rayonlarda isə 7-12 dərəcə isti gözlənilir".
Baş hidroloq bildirib ki, ölkə ərazisində müşahidə olunan hava iqlim normasından yuxarıdır. Bu cür hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Hava şəraitinin birdən-birə kəskin dəyişməsi paytaxt sakinlərinin bəzilərinin səhhətində problem yaradıb. Mütəxəssislər bildirirlər ki, insan orqanizmi fəsillər dəyişərkən daha həssas olur. Bu səbəbdən hava dəyişikliyi zamanı sağlamlığımıza daha çox diqqət yetirməyimiz məsləhət görülür.