QHT və qrantlarla bağlı qaydalar sərtləşdiriləcək
"QHT və qrantlarla bağlı qanunlar dəyişdiriləcək, qaydalar sərtləşdiriləcək". APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında komitə sədri Əli Hüseynli deyib: “Hesab edirəm ki, bir çox məsələdə olduğu kimi, bu məsələdə də şəffaflığa ehtiyac var. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra ciddi tədbirlər görülür və uğurlu nəticələr də əldə edilməkdədir. Bu baxımdan bir daha hesab edirəm ki, QHT-lərlə bağlı məsələlərdə, xüsusilə, xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə də şəffaflığa ehtiyac var. Müzakirəyə çıxarılan dəyişikliklər də məhz bunları nəzərdə tutur”.
Komitə sədrinin dediyinə görə, “QHT-lər haqqında” qanunun 24.1.5-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yəni, bundan sonra Qeyri-Hökumət Təşkilatı, habelə, xarici dövlətlərin Qeyri-Hökumət Təşkilatlarının filial və nümayəndəlikləri qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar isə aparıla bilməz. Həmçinin, sözügedən qanunun 24-2.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən Qeyri-Hökuməti Təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşımalı olacaqlar. "Qrantlar haqqında" qanuna gəlincə, həmin sənədə 5.1-ci hissənin əlavə olunması təklif edilir ki, burada da donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydasının müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.