Milli Məclisdən Avropa Parlamentinə etiraz

"Milli Məclis Avropa Parlamentinə etiraz bəyanatı hazırlayır".

APA TV-nin xəbərinə görə, Milli Məclisin bu gün keçirilən payız sessiyasının açılışında çıxış edən parlamentin sədri Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə münasibətini açıqlayıb: “Bu, artıq say hesabı ilə dördüncü qətnamədir. Baxaq, görək, bu qətnamə hansı dövrdə qəbul edilib. Ayın 18-də qəbul edildi, bir gün sonra isə Azərbaycanda mühüm tədbirlər başlayırdı. Bununla da məqsədlərini anladıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri inkişaf etdirmək əvəzinə, öz qurumlarını da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir. Biz də münasibətləri inkişaf etdirmək istəyirik, amma biz nə qədər can atırıqsa, bizə ikili münasibət göstərirlər. Belə olan təqdirdə, bizim bu təşkilatla işləməyimizin mənası varmı?”

 

MM-in sədr müavini, Milli Məclis-Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Ələsgərov deyib ki, bir çox dairə, o cümlədən AP Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir: “Bir dəfə onlar bizə təklif etdilər ki, “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri” sözlərinin qeyd olunduğu sənədə səs verək. Yəni Dağlıq Qarabağın bizim ərazimiz olması fikrindən imtina edirdilər. Şərt qoydular ki, ya bu sənədə imza ataq, ya da Azərbaycanda hansısa iki bloqger ilə bağlı AP qətnamə qəbul edəcək. Bu, şantaj deyil, nədir?!”

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ prezidenti  Barak Obamanın fikirlərinin və Avropa Parlamentinin qətnaməsinin ədalətsiz olduğunu deyib.

Qüdrət Həsənquliyev isə bildirib ki, bundan sonra da avroparlamentarlar yeni kampaniyaya başlayıb,  Millət vəkili onu da əlavə edib ki, beynəlxalq təşkilatlarla qarşıdurmaya getmək lazım deyil: “Beş-altı nəfərə görə bu qurumlarla açıq müstəvidə qarşıdurmaya getməyə dəyməz. Fikrimcə, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da düşünməlidir”.

 

Səyavuş Novruzov qeyd edib ki, Avropa Parlamentinin üzvləri “donos verənlərin” hesabına Azərbaycan haqqında qeyri-obyektiv hesabat yayırlar: "“Freedom House" adlı təşkilat kimdir ki, dövlətlər haqqında hesabat yayır? Biz buna çox sərt mövqe göstərməliyik. Deyirlər ki, QHT-çiləri həbsdən azad edin, özü də qeyd-şərtsiz. Biz onları girov götürmüşük ki, qeyd-şərtsiz azad edək? Hələ istintaq gedir, qoy məhkəmə olsun, nəticəsini görərik. Bu, istintaqa təzyiq formasıdır”.

 

Milli Məclisin sədr müavini Bahar Muradova isə deyib ki, beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər.

 

Bu gün Milli Məclisinin payız sessiyasının ilk iclası keçirilib. İclasda parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı